Bakı. Trend:
Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilib.
Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, müasir dövlətimizin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyularaq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasəti nəticəsində ali hüquq təhsilli gənclərin müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr korpusunun yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə dövlət və vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə prokurorluq orqanlarında qulluğa qəbulla bağlı keçirilmiş 26 müsabiqənin nəticələri üzrə uğur qazananlar hazırda prokurorluq işçilərinin 93.2 faizini təşkil edir. Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında öhdəlikləri olanlar;
- din xadimləri;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud
fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və
ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi
vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə
tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan
barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq
adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş
şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş
(qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət
hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad
edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.
Müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər 15 aprel 2025-ci il tarixdən etibarən Baş Prokurorluğun https://hr.genprosecutor.gov.az/ internet səhifəsi vasitəsilə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Sənədlərin qəbulu barədə elektron poçt ünvanı vasitəsilə müraciət edən şəxslərə məlumat veriləcəkdir.
Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az,www.genprosecutor.gov.az) məlumat veriləcəkdir.
Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80, 361-00-81 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.