...

162 millətə aid şəxs insan alveri cinayətinə məruz qalıb

Cəmiyyət Materials 13 May 2025 10:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı.Trend:

Birləşmiş Millətlər Təşkilatının insan alverinə qarşı mübarizə üzrə 2024-cü ildə açıqladığı 156 ölkəni əhatə edən son Qlobal Hesabatdan görünür ki, 2022-ci ildə aşkarlanan qurbanların sayı 2019-cu ilə nisbətən 25 %, pandemiyanın ən çox təsir etdiyi 2020-ci illə müqayisədə 43 %, uşaq qurbanların sayı isə 31 % artıb.

Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Məlumata əsasən, aşkarlanan qız qurbanların 60 %-i cinsi istismar, oğlan qurbanların 45 %-i əmək istismarı, daha 47 %-i cinayətkar fəaliyyət, məcburi dilənçiliyə məruz qalıb və başqa məqsədlərə cəlb edilib.

2019-2022-ci illərdə məcburi əmək qurbanlarının sayı qlobal səviyyədə 47 % artdığı halda, dünya üzrə məhkəmə hökmlərinin yalnız 17 %-i məcburi əmək, 72 %-i isə cinsi istismar faktları üzrə olub.

Məlumatda bildirilib ki, BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına əsasən, insan alverinin dinamikası da dəyişərək əvvəlki dövrlərə nisbətən qurbanların aparıldığı təyinat ölkələrinin sayı artıb, 162 millətə aid şəxs insan alveri cinayətinə məruz qalıb. Bütün bunlarla yanaşı, ölkəmizin aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə görülən tədbirlərlə müvafiq sahədə əməliyyat şəraitinə davamlı nəzarət, risk qrupuna aid şəxslərin sözügedən cinayətlərdən müdafiəsi təmin olunub, qurbanlar fiziki, psixoloji və sosial reabilitasiya tədbirləri ilə tam əhatə edilib.

Qeyd edək ki, bu hesabat “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq, Ombudsman Aparatı, Vəkillər Kollegiyası, beynəlxalq təsisatlar, 20 qeyri-hökumət təşkilatı, 32 mərkəzi və 69 yerli icra hakimiyyəti orqanı, eləcə də Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının və ərazi polis orqanlarının məlumatları, o cümlədən xüsusi polis qurumunun apardığı monitorinq və təhlillər əsasında hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti