...

Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub (FOTO)

Gündəm Materials 6 İyul 2025 11:34 (UTC +04:00)
Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə tutulur.

Trend xəbər verir ki, bu sözləri "Prezidentin izi ilə" ənənəvi media turda iştirak edən jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Leyla Sərabi bildirib.

O həmçinin qeyd edib ki, birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır:

"Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir", - deyə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti