...

Fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirlərindən 5 % vergi tutulacaq

Cəmiyyət Materials 29 Dekabr 2025 14:44 (UTC +04:00)
Fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirlərindən 5 % vergi tutulacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-rezident müəssisə tərəfindən ödənilən dividenddən 5 faiz dərəcə ilə vergi tutulacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Bildirilib ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslər xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14% vergi dərəcəsi ilə bəyan edib ödəməlidirlər.

Mövcud vergi dərəcəsi fiziki şəxslərin xaricdən əldə etdikləri passiv gəlirləri bəyan etməkdən yayınmağa, bu məqsədlə ofşor və ya yüksək güzəştli vergi yurisdiksiyalarından istifadə etməyə sövq edir. Fiziki şəxslərin xarici bank hesablarında saxladıqları vəsaitlər, xaricdə açılmış brokerlik hesabları vasitəsilə əldə etdikləri investisiya gəlirləri, həmçinin xaricdəki əmlakdan əldə etdikləri icarə və satış gəlirləri barədə məlumatların vergi orqanına təqdim edilməməsi isə kölgə iqtisadiyyatının həcmini daha da artırır.

Bundan əlavə, mövcud vergi dərəcəsi xaricdə yerləşən vəsaitlərin Azərbaycana repatriasiyasını ləngidən amillərdən biri kimi çıxış edir. Vergi ödəyiciləri vəsaitlərini ölkəyə qaytardıqda əlavə vergi öhdəliyinin yaranmasını arzuolunmaz hesab etdiklərindən, bu prosesdən çəkinirlər. Nəticə etibarilə, kapitalın ölkə iqtisadiyyatına axını azalır və mövcud investisiya potensialının reallaşdırılması imkanları məhdudlaşır.

Vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi bir tərəfdən xaricdən əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isə vergi bazasının əhatə dairəsinin genişlənməsinə xidmət edəcək.

Bu dəyişiklik nəticəsində tətbiq edilən dərəcənin azalmasına baxmayaraq, dövlət büdcəsinə daxilolmaların ümumi həcminin artması ehtimal edilir.

Eyni zamanda, xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyası üçün əlavə stimullar formalaşacaq, daha aşağı vergi yükü isə kapitalın ölkəyə qaytarılmasını iqtisadi cəhətdən daha səmərəli edəcək.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.

Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər, fərdi sahibkarlar və ya vergi orqanında uçotda olan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən, mediatorlara mediasiya təşkilatları tərəfindən mülki-hüquqi müqavilələr əsasında ödənilən xidmət haqlarından habelə vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillərin həmin qurum tərəfindən ödənilən gəlirlərindən vergi 14 faiz dərəcə ilə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti