Bakı. Trend:
Ukraynanın müxtəlif şəhərlərində soydaşlarımız 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dnepropetrovskda yerləşən "Dnepropetrovsk Azərbaycanlıları Liqası" Milli Mədəniyyət Mərkəzində baş tutan tədbir Azərbaycan diasporunun nümayəndələrini milli birlik ideyası ətrafında birləşdirib. Tədbirin təşkilatçısı və həftəsonu məktəbinin direktoru Yaqut Bəşirova bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün son dərəcə vacib olduğunu deyib. “Dnepropetrovsk Azərbaycan Liqasının rəhbəri Sərxoş İsmayılovun dəstəyi ilə təxminən 13 ildir fəaliyyət göstərən məktəbimiz gəncləri öz köklərinə və mədəni ənənələrinə hörmət etməyə öyrədir",- deyə direktor bildirib. Həftəsonu məktəbinin şagirdləri milli mahnılarımızı ifa edib, Azərbaycan haqqında şeirlər səsləndirib. Onlar, həmçinin bayram viktorinasında sualları cavablandıraraq fəallıq nümayiş etdiriblər. Tədbir çərçivəsində etnik və milli üslubda zərgərlik məmulatlarının hazırlanması üzrə ustad dərsi keçirilib.
Krivoy-Roq şəhərinin tanınmış Mədəniyyət saraylarından olan Karaçunada baş tutan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il tədbirində şəhər merini əvəz edən Yuriy Vilkul, müavini Sergey Sergeyeviç, şəhər radasının deputatları və diaspor təşkilatının nümayəndələri iştirak ediblər. Yuriy Vilkul tədbir iştirakçılarına bayram münasibətilə təbriklərini çatdırıb, Ukrayna dövləti adından Azərbaycan dövlətinə və Ukraynada yaşayan soydaşlarımıza göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Digər çıxışçılar hər iki xalq arasında əlaqələrin inkişafından, Ukraynada yaşayan soydaşlarımızın fəaliyyətindən danışıblar. Tədbir daha sonra bədii hissə ilə davam edib.
