Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki şəhəri ərazisində vətəndaşın çay dərəsinə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1952-ci il təvəllüdlü M. Əzəmmədova təxminən 30 metr hündürlükdən çayın dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə qadını çay dərəsindən çıxararaq xilas edib və təcili tibbi yardım briqadasına təhvil veriblər.
