Bakı. Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin olunması, mövcud və potensial risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bununla yanaşı, idxal olunan qida məhsulları ilə bağlı yarana biləcək risklərin qiymətləndirilməsi üçün dünyada baş verən hadisələr gündəlik əsasda sistemli şəkildə təhlil edilir.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, “Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı
uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı
ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib.
Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya,
İsveçrə və Birləşmiş Krallıq ərazilərində “SMA”, “BEBA”,
“ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanı altında
istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri
çağrılıb. Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus
cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə
ehtimalıdır.
Bildiririk ki, dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən,
ümumilikdə geri çağrılmış 123 məhsul partiyası Azərbaycan
Respublikasının ərazisinə idxal edilməyib. Ehtiyat tədbiri olaraq
“Nestle” şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə
ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr
götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr
barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, dünən dünya mediasında "Nestle" şirkətinin zəhərlənmə ehtimalı ilə bir çox uşaq yeməklərini geri çağırdığı barədə xəbərlər yayılmışdı.
