Bakı. Trend:
İmmunitet sistemi orqanizmi virus, bakteriya və digər zərərli mikroorqanizmlərdən qoruyan mürəkkəb müdafiə mexanizmidir və onun zəifliyi həm tibbi müayinələrlə, həm də gündəlik həyatda müşahidə olunan bəzi əlamətlərlə özünü göstərə bilər.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev açıqlayıb.
Onun sözlərinə görə, immunitetin zəif olub-olmadığını dəqiq bilmək üçün qan analizləri, ağ qan hüceyrələrinin səviyyəsi, vitamin və mineral göstəriciləri yoxlanılır:
“Bundan əlavə, insan özündə tez-tez xəstələnmə, infeksiyaların
ağır və uzunmüddətli keçməsi kimi hallar müşahidə edirsə, bu artıq
immun sisteminin kifayət qədər güclü işləmədiyini göstərə bilər.
Soyuqdəymə, qrip, boğaz ağrısı kimi xəstəliklərin tez-tez
təkrarlanması, bədənin əvvəlki kimi tez toparlanmaması, uzun müddət
davam edən halsızlıq və enerji çatışmazlığı immunitetin
zəifləməsinin əlamətlərindəndir”.
Mütəxəssis-ekspert bildirib ki, həmçinin dodaq uçuğunun tez-tez
çıxması, ağızda aftalar, diş əti problemləri, dəridə yaranan
infeksiyaların və kiçik yaraların belə gec sağalması da bədənin
müdafiə qabiliyyətinin azaldığını göstərə bilər:
“Bununla yanaşı, həzm sistemində pozğunluqlar, tez-tez ishal,
şişkinlik, iştahasızlıq, stressə qarşı həssaslıq, yuxu pozuntuları
və ümumi psixoloji gərginlik də immun sisteminin zəifliyi ilə
əlaqəli ola bilər. Belə əlamətlər uzun müddət davam edərsə və
insanın gündəlik həyat keyfiyyətini aşağı salarsa, səbəbi
aydınlaşdırmaq və mümkün ciddi problemlərin qarşısını almaq üçün
həkimə müraciət etmək vacibdir”.
