Bakı. Trend:
ABŞ-nin Kaliforniya ştatında yaşayan azərbaycanlı rejissor və prodüser Sevinc Kərimova vəfat edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, mədəniyyətimizin tanınan simalarından olan Sevinc Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları ilə yanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi fəaliyyət göstərib.
“Karvan” qrupunun yaradıcısıdır. Fəaliyyətini ABŞ-də davam etdirən soydaşımız “Golden Arts Entertainment Production” şirkətində prodüser kimi işləyib. Həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına və böyük səhnələrə çıxmasına kömək göstərib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə” adlı beynəlxalq layihələrin təşkilatçısı olub.
2023-cü ildə keçirilən “Bakı Payızı – 35 il sonra” adlı müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.
“Birlikdə” layihəsi çərçivəsində isə Azərbaycanın tarixi, həqiqətləri və mədəniyyəti haqqında yüksək peşəkarlıqla bədii videoçarx hazırlanaraq müxtəlif tədbirlərdə nümayiş etdirilib. Videoçarxda Azərbaycan Dövlət Xor Kapellası və xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun rəqs qruplarının da çıxışları yer alıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 yanvar 2026-cı il tarixli Sərəncamı ilə Sevinc Kərimova xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb. Həmçinin 2024-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ABŞ-dəki Azərbaycan icmasının fəal üzvünün, tanınmış mədəniyyət xadimi Sevinc Kərimovanın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
