...

Dövlət çətin həyat şəraitində olan uşaqları aşkarlayacaq

Cəmiyyət Materials 28 Yanvar 2026 11:00 (UTC +04:00)
Dövlət çətin həyat şəraitində olan uşaqları aşkarlayacaq
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi üzrə mexanizmlər müəyyən edəcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaq hüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, valideyn himayəsindən məhrum olan uşaqların aşkarlanması və sosial xidmət müəssisələrinə yerləşdirilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Çətin həyat şəraitində olan uşaqlar (valideyn himayəsindən məhrum olan uşaqlar istisna olmaqla) barədə məlumata malik olan dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və ya fiziki şəxslər belə məlumatları onların aşkar edildiyi ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya təqdim etməlidirlər.

Uşağın yaşayış yeri onun aşkar edildiyi ərazi olmadıqda uşağın aşkar edildiyi ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiya uşaqla işin aparılması üçün məlumatları uşağın faktiki yaşayış yeri üzrə müvafiq komissiyaya göndərəcək. Uşağın yaşayış yeri məlum olmadıqda onunla iş aşkar edildiyi ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiya tərəfindən həyata keçiriləcək.

Uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiya uşaq barədə məlumat daxil olduqda dərhal onun yaşayış yerinə və ya olduğu yerə gedilməsini, uşağın vəziyyətinin (sağlamlıq vəziyyəti, psixoloji vəziyyəti, əlilliyi müəyyən edilmiş uşağa xüsusi qayğının mövcud olub-olmaması, uşağa qarşı zorakılıq hallarının mövcud olub-olmaması və yaşayış şəraiti) ilkin müayinəsinin keçirilməsini və təcili və təxirəsalınmaz tədbirlərin görülməsini təşkil edəcək.

Valideyninin və digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası üzrə tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Çətin həyat şəraitində olan uşağın fərdi məlumatlarının toplanması, işlənməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək.

Xidmətlər göstərilərkən uşağa münasibətdə zorakılığı nəzərdə tutan tədbirlərin və metodların tətbiqi, onun valideynləri (onları əvəz edən şəxslər), digər ailə üzvləri və ya ətraf mühitlə əlaqəsinin məhdudlaşdırılması qadağan ediləcək.

“Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi

“Uşaq hüquqları haqqında” Qanuna uyğun olaraq çətin həyat şəraitində olan uşaqları aşkar etmək və onlara münasibətdə sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) məlumat vermək uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalar səlahiyyətinə aid ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti