...

“Uşaq hüquqları haqqında” yeni qanunda hansı yeniliklər var?

Cəmiyyət Materials 28 Yanvar 2026 12:00 (UTC +04:00)
“Uşaq hüquqları haqqında” yeni qanunda hansı yeniliklər var?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Uşaq hüquqları haqqında” qanun layihəsində yeniliklərdən biri 11 anlayışın təsbitidir. “Uşağın üstün mənafeləri”, “erkən evlilik”, “sosial reabilitasiya”, “zorakılığın formaları”, “cismani cəza” kimi anlayışlar normativ çərçivəyə salınıb.

Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüsenova komitənin bugünkü iclasında deyib.

Komitə sədri bildirib ki, bu, hüquqi tətbiqetmə zamanı boşluqlarının aradan qaldırılması baxımından çox vacibdir:

“Uşağın üstün mənafeləri ayrıca maddədə konkret təminatlarla müəyyən edilir. Belə ki, uşağa aid qərar qəbul edilməzdən əvvəl araşdırmanın aparılması, uşağın fikrinin öyrənilməsi, mümkün mənfi təsirlərin əvvəlcədən qiymətləndirilməsi məcburi hüquqi öhdəlik kimi təsbit olunur”.

H.Hüseynova vurğulayıb ki, digər mühüm yenilik uşaqlara qarşı zorakılıq halları, onların aşkarlanması və zorakılığa məruz qalmış uşağın reabilitasiyası ilə bağlıdır. Əsas məqsəd prosedurların daha təkmil olmasından və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsindən ibarətdir:

“Mövcud qanundan fərqli olaraq yeni qanun layihəsində “erkən evlilik” ayrıca anlayış kimi verilir, konkret hüquqi məsuliyyət yaradır. Çətin həyat şəraitində olan uşaqlarla bağlı aşkarlanma mexanizmi, təcili tədbirlər, ilkin tibbi-psixoloji yardım və repatriasiya qaydası təsbit olunur. Və bu da vacib yenilikdir. Uşaq və ailə münasibətlərinə gəldikdə isə yeni qanun layihəsinə görə, valideyn hüquqları uşağın mənafeyi ilə məhdudlaşdırılır. Dövlət yalnız lazım olduqda müdaxilə edir. Zorakılıq tam qadağan olunur”.

Millət vəkili əlavə edib ki, mövcud qanunda dövlət nəzarəti ümumi qeyd olunur, lakin təqdim olunan qanun layihəsində praktiki icra üçün real alətlər müəyyən edilir. Məlumat bankı, göstəricilər, monitorinq meyarları, Ombudsman üçün müstəqil mexanizm təsbit edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti