Bakı.Trend:
Bakıda taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi hazırda məqsədəuyğun deyil.
Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada suallaarı cavablayarkən bildirib.
O qeyd edib ki, paytaxtda taksilərin sayı 25 mindən çoxdur:
"Bu qədər nəqliyyat vasitəsinin xüsusi zolaqlara daxil olması həmin zolaqların əsas funksiyasını zəiflədə bilər. Taksilər zolağa daxil olduqdan sonra yolboyu dayanaraq sərnişin götürəcək və düşürəcək.
Qurum rəsmisi əlavə edib ki, bu, xüsusi zolaqların maneəsiz hərəkət prinsipi ilə ziddiyyət təşkil edir və onların effektivliyini azalda bilər.
Nazir müavini bildirib ki, hazırda əsas məqsəd mövcud zolaqların ictimai nəqliyyat üçün sürətli və fasiləsiz hərəkətini təmin etməkdir, ona görə də bu məsələ hazırkı mərhələdə müzakirə edilmir.
Onun sözlərinə görə, şəhərdə sərnişinlərin minib-düşməsi üçün xüsusi nöqtələr artıq müəyyənləşdirilib və bu proses mərhələli şəkildə genişləndirilir.
“Dayanacaq yerləri əvvəlcədən planlaşdırılıb. Ehtiyac olan ərazilərdə əlavə məntəqələr yaradılır. Sürücülər sərnişini mütləq binanın və ya ünvanın qarşısında düşürməyə çalışmamalıdır”, – deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, bəzi hallarda qısa məsafənin piyada qət edilməsi daha məqsədəuyğundur:
“Əsas məsələ qaydalara əməl etməkdir. Harada dayanmağa icazə verilirsə, orada dayanmaq lazımdır. Bu həm təhlükəsizliyi, həm də şəhər nəqliyyatının axıcılığını təmin edir”.
