Bakı. Trend:
Mənəvi, fiziki və ya maddi ziyan vuran şəxsin zərərçəkmiş uşağın qanuni nümayəndəsi qismində mülki və prosessual proseslərdə iştirakı qadağan ediləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Mülki Prosessual və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.
Qanun layihəsinə əsasən, qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində mülki prosesdə iştirak etmək üçün buraxıla bilməyəcək.
Həmçinin, qanunla nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və ya təqsirləndirilən şəxsə, yaxud mülki cavabdehə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində cinayət prosesində iştirak etmək üçün buraxıla bilməyəcək.
