Bakı. Trend:
Ali Məhkəmə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.
Trend xəbər verir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.
Bildirilib ki, məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, uşağın biloji atası olmamasının müəyyən edilməsi, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə ediməsi, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), saxta nikah baglama (etibarsız nikah), yaşadığı evdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinə zidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüququnlarını pozur və mənəvi zərərin vurulma əsasını təşkil edir.
Ər-arvaddan birinin heç bir qanuni əsas, o cümlədən digərinin razılığı olmadan şəxsi və ya ailə sirri təşkil edən məlumatları yayması qadağandır. Məsələn, şəxsi yazışmalar, keçmişi ilə bağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqların mənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar.
Hörmətsiz davranış sərgiləmə - ər-arvaddan birinin digərini bəyənməməsini ləyaqətini alçaldacaq tərzdə özünə və ya kənar şəxslərə bildirməsində ifadə oluna bilər. Məsələn, ər-arvaddan birinin digərinin xarici görünüşünə lağ etməsi, lazımsız, dəyərsiz olduğunu bildirməsi və bu kimi ləyaqətin alçaldılmasına səbəb olan digər kobud ifadələr işlətməsi.
Xatırladaq ki, daha əvvəl ailə sirri, ərin (arvadın) şəxsi sirrini yayma, onun bəyənilmədiyini özünə və ya kənar şəxslərə bildirməsinin ailə qanunvericiliyinə zidd davranış hesab ediləcəyinə dair məlumat yaymışdıq.
