İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi tərəfindən mart ayı ərzində Bakıdakı cəzaçəkmə müəssisələrində keçirilmiş monitorinqlər zamanı müşahidə olunan neqativ hallarla əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə rəsmi müraciət edilib. Bu barədə Trend ə Komitənin sədri Elçin Behbudov məlumat verib.
Komitənin ay ərzində keçirdiyi monitorinqlərin nəticəsinə görə, 6, 11, 15 saylı cəzaçəkmə müəssisələrində və Qobustan Qapalı Həbsxanasında saxlanma şəraiti ilə əlaqədar bəzi xoşagəlməz hallar mövcuddur.
MQİBİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rafiq Ramazanov isə bəzi hallarda dustaqların saxlanma şəraiti ilə bağlı hüquq müdafiəçilərinə bilərəkdən saxta məlumatlar verdiyini söyləyib. "Lakin bütün hallarda hüquq müdafiəçilərinin məlumatları da araşdırılır və müvafiq tədbirlər görülür" - deyə R.Ramazanov bildirib.
Şöbə rəisi Qobustan Qapalı Həbsxanasında cəza çəkən məhbuslara keyfiyyətsiz çörək verilməsi ilə bağlı Azad İstehlakçılar Birliyinə məhbuslar tərəfindən daxil olmuş şikayətləri də əsassız hesab edib. "Həbsxanada cəza çəkən hər bir məhbusun payına gün ərzində 700 qram birinci, 100 qram isə ikinci növ undan hazırlanmış çörək düşür. Məlum olduğu kimi, məhbusların ərzaqlarını mənimsədiklərinə görə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin bir neçə əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub, bəziləri isə ədliyyə sistemindən kənarlaşdırılıb. Lakin hazırda məhbusların ərzaqla təminatı rəhbərliyin tam nəzarəti altındadır və məhbuslar qanuna müvafiq şəkildə həm ərzaq, həm də çörəklə təmin olunurlar. Bir neçə məhbusun gileyi bütün həbsxananın məhbuslarına şamil edilə bilməz və bu gileylər qərəzlidir" - deyə R.Ramazanov söyləyib.