...

Keçmiş səhiyyə naziri Əli İnsanovun müavini barədə məhkəmə hökmü çıxarılıb

Cəmiyyət Materials 5 Aprel 2006 16:21 (UTC +04:00)

Bakı şəhəri Nəsimi rayon Məhkəməsində Azərbaycan Respublikasının keçmiş səhiyyə naziri Əli İnsanovun müavini, nazirliyin kadrlar, elm və təhsil şöbəsinin sabiq müdiri Nazim İbrahimov barədə məhkəmə hökmü çıxarılıb. Bu barədə Trend ə təqsirləndirilən şəxsin vəkili Səyyad Məmmədov məlumat verib.

N.İbrahimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 (rüşvətalma), 312 (rüşvətvermə) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb.

Hakim Gülnarə Tağızadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında müəyyən edilib ki, sabiq nazir müavini 2004-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş test imtahanlarına müdaxilə edib. Müsabiqədən keçməyən abituriyentlərin Bakı, Gəncə, Sumqayıt və Lənkəranda fəaliyyət göstərən tibb məktəblərinə kütləvi surətdə müraciət etmələrindən xəbər tutan N.İbrahimov Əli İnsanovla danışıqlar aparıb və həmin abituriyentlərin rüşvət hesabına tibb məktəblərinə qəbul olunmaları ilə bağlı Ə.İnsanovla razılıq əldə edib. Bu məqsədlə Əli İnsanovun adından Nazirlər Kabinetinə 21 sentyabr 2004-cü il tarixli məktub ünvanlayıb. Məktubda göstərilib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarında aşağı bal toplamış abituriyentlər və onların valideynləri tərəfindən Səhiyyə Nazirliyinə saysız-hesabsız müraciətlər olur. Qeyd olunub ki, respublikada orta tibb ixtisaslı kadrlara ehtiyac böyükdür və xahiş olunub ki, həmin abituriyentlərin tibb məktəblərinə qəbul edilməsinə icazə veril
sin. Nazir müavini Elçin Əfəndiyev məktuba "razılaşmalı" dərkənarı qoyub. Bundan sonra Nazim İbrahimov TQDK-ya müraciət etmədən 1077 nəfər abituriyentdən rüşvət almaq yolu ilə onların Bakı, Sumqayıt, Gəncə və Lənkəran tibb məktəblərinə qəbul edilməsinə nail olub. Həmin rüşvətin böyük hissəsi sabiq nazir Əli İnsanova çatıb.

İşin bütün halları məhkəmədə araşdırıldıqdan sonra Nazim İbrahimovun minimum əmək haqqının 100 mislinədək cərimə olunması ilə bağlı hökm çıxarılıb.

Xəbər lenti

Xəbər lenti