Erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirli bilinən və hazırda Budapeşt həbsxanasında saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla bağlı Macarıstanın yuxarı instansiya məhkəmələrinə müraciət oluna bilər. Bu barədə Trend ə vəkil Adil İsmayılov məlumat verib.
Vəkilin sözlərinə görə, bu qərar Budapeşt məhkəməsinin aprelin 13-də Ramil Səfərov barədə çıxaracağı hökmdən asılı olacaq. Əgər məhkəmə ədalətsiz hökm çıxararsa, bu zaman həmin ölkənin apellyasiya və ali məhkəmə instansiyalarına müraciət edilməsi planlaşdırılıb.
Aprelin 10-da axşam saatlarında Adil İsmayılov Budapeştə yola düşəcək. Məqsəd aprelin 13-də Ramil Səfərovla bağlı keçiriləcək son məhkəmə iclasında iştirak etməkdən ibarətdir.
Aprelin 11-də isə A.İsmayılovun R.Səfərovla və onun macar vəkilləri ilə görüşü planlaşdırılıb.
Qeyd edək ki, aprelin 4-də keçirilən məhkəmə iclasında prokuror Ramil Səfərova 30 illik həbs cəzası tələb edib.