Aprelin 11-də Bakıda "Park-İnn" otelində "Azərbaycan və Türkiyə mediası: bənzərliklər və müxtəlifliklər" mövzusunda keçirilən birinci beynəlxalq seminarın yekunu kimi belə tədbirlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb. Trend in məlumatına görə, seminar iştirakçıları Azərbaycan və Türkiyə mediası arasında əlaqələrin inkişaf etdirilməsi, mütəmadi olaraq birgə tədbirlərin, seminar və konfransların təşkilinə dair razılığa gəliblər.
Qeyd edək ki, birgünlük beynəlxalq seminar dörd hissədən ibarət olub, Azərbaycan və Türkiyənin media təmsilçiləri, jurnalistika sahəsi üzrə mütəxəssisləri çıxışlar edib, müxtəlif təklif və rəylər irəli sürüblər. Türkiyəli qonaqlar Azərbaycan Mətbuat Şurası ilə də vaxtaşarı birgə tədbirlərin və görüşlərin keçirilməsini qərara alıblar.
Bakıda səfərdə olan türk media orqanlarının rəhbərlərindən və jurnalistika sahəsi üzrə müxətəssislərdən ibarət nümayəndə heyəti aprelin 12-də Sanqaçalda və Qobustanda olacaq, həmçinin paytaxtın mərkəzi yerlərində gəzintiyə çıxacaqlar.