Qərbi Azərbaycan ifadəsini işlədənlər erimənilərin dəyirmanına su tökürlər. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Torpaq və Xəritəçəkmə Dövlət Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Q.Məmmədov qeyd edib ki, Azərbaycanın Qərbi deyəndə Tovuz, Qazax, Gəncəbasar zonası, Kəlbəcər, Daşkəsən, Gədəbəy, Laçın, Qubadlı, Cəbrayıl və Naxçıvan nəzərdə tutulur: "Qərbi Azərbaycan deyənlər Ermənistan ərazisini nəzərdə tuturlar. Bu ifadəni söyləyənlər başa düşmürlər ki, biz maddi sübutları itiririk. Şübhəsiz ki, indi Erməsnitan adlanan ərazi bizim qədim torpaqlarımızdır".
Komitə sədri eks-prezident Heydər Əliyevin 1948-53-cü illərdə dədə-baba yurdundan qovulan Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası haqqında fərmanını yada salıb. Bildirib ki, Qərbi Azərbaycan ifadəsini işlədənlər nədənsə Zəngəzur, Vedibasar, Göyçə, Ağbaba adlarını yada salmırlar: "Bu termini işlədənlər ermənilərin dəyirmanına su tökürlər. Belə çıxır ki, biz Azərbaycanın qərbi ilə dava aparırıq. Halbuki, 1948-53-cü illərdən bu günədək 1 milyondan çox azərbaycanlılar Ermənistandan deportasiya olunub".