...

Qadınların qeyri-rəsmi nigahda olmasının yaratdığı problemlər müzakirə edilib

Cəmiyyət Materials 28 İyul 2006 12:38 (UTC +04:00)

İyulun 28-də Beynəlxalq Mətbuat Mərkəzində "Qeyri-rəsmi nigahda olan qadınların hüquqi problemləri və rəsmi nigahın qurulmasının təbliğ olunmasında dövlət orqanları və ictimaiyyətin rolu" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, Gənc Hüquqşünaslar Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Ədliyyə Nazirliyinin, Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vətəndaşların Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbələrinin nümayəndələri, hüquq müdafiəçiləri iştirak ediblər.

Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rüfət Atakişiyev bildirib ki, bu il fevralın 8-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış bu qurum əsasən 3 istiqamətdə fəaliyyət göstərir, cəmiyyətdə ailənin rolunun gücləndirilməsinə çalışır. R.Atakişiyevin sözlərinə görə, ailə həyatı ilə bağlı qadınların üzləşdikləri əsas problemlər erkən yaşda ailə qurmaq və qeyri-rəsmi nigaha daxil olmaqla bağlıdır. Komitə nümayəndəsi diqqətə çatdırıb ki, Azərbaycan qanunvericiliyinə görə, kişilər 18, qadınlar isə 17 yaşından sonra nigaha daxil ola bilərlər. Lakin yetkinlik yaşına çatmayan qızların ərə verilməsi sonradan doğuş zamanı ölüm hallarına, zəif uşaqların dünyaya gəlməsinə səbəb olur. Bu da Azərbaycanın genefonduna ziyan vurur. Həmçinin qeyri-rəsmi nigahda olan qadınların ərləri iş dalınca xarici ölkələrə gedərək orada ailə qururlar. Komitə nümayəndəsinin açıqladığı məlumata görə, 2004-cü ildə 62177 nigah, 6914 boşanma, 2005-ci ildə 71643 nigah, 8895 boşanma, 2006-ci ilin 6 ayı ərzində isə 33 820 nigah, 4100 boşanma faktı qeydə alınıb.

Ədliyyə Nazirliyinin nümayəndəsi, Sabunçu rayon VVAQ şöbəsinin (ZAQS) müdiri Esmira Qənizadə qadınların əksər problemlərinin onların savadsızlığı, öz hüquqlarını bilməməsi ilə əlaqəli olduğunu deyib.
E.Qənizadə qadınların ailə qurarkən mütləq rəsmi nigaha daxil olmasının vacibliyini qeyd edib: "Çünki rəsmi nigah qadınlara xeyli hüquqlar verir və bu hüquqlar nigah haqqında müqavilədə əksini tapıb. Boşanma halları baş verəndə də rəsmi nigah qadına mənzil, aliment hüquqları verir. Amma rəsmi nigah olmayanda qadın uşağı ilə birlikdə çölə atılır, məhkəmə yolu ilə də heç bir hüququnu bərpa etdirə bilmir. Rəsmi nigah olmasa, kəbinin də heç bir hüquqi bazası yoxdur"-deyə ZAQS şöbəsinin müdiri vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın bəzi rayonlarında, Bakının kəndəlrində erkən yaşlı qızların, həmçinin yaxın qan qohumu olan qız-oğlanların ailə qurması halları çoxdur, bunlar da faciəvi nəticələrə gətirib çıxarır.

Xəbər lenti

Xəbər lenti