Avqustun 14-də Nəsimi rayon məhkəməsində "Milli yol" qəzetinin baş redaktoru Şahin Ağabəyliyə qarşı qaldırılmış növbəti iddia üzrə məhkəmə iclası keçirilib. Trend in məlumatına görə, iclasa hakim Bilal Xəlilov sədrlik edib, cavabdehin vəkili qismində isə Elçin Qəmbərov çıxış edib.
Bugünkü məhkəmə iclası Azərbaycan daxili işlər naziri Ramil Usubovun iddiası üzrə keçirilib. Lakin cavabdeh Şahin Ağabəyli həbsxanada aclıq aksiyası keçirdiyindən məhkəmə iclasında iştirak etməyib. Buna görə də hakim prosesin avqustun 17-nə qədər təxirə salınmasına dair qərar çıxarıb.
Qeyd edək ki, barəsində 1 il azadlıqdan məhrumetmə cəzası çıxarılmış Ş.Ağabəyli özünü təqsirsiz hesab edir və məhkəmə qərarına etiraz olaraq aclığa başlayıb.