...

Nuşirəvan Məhərrəmli: Milli Teleradio Şurasının ekspert qrupu 2007-ci ilin ilk ayından fəaliyyətə başlayacaq

Cəmiyyət Materials 14 Oktyabr 2006 14:55 (UTC +04:00)

2007-ci ilin yanvar ayından Azərbaycan Milli Televiziya və Radio Şurasının ekspert qrupu fəaliyyətə başlayacaq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə oktyabrın 14-də mətbuat konfransı keçirən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

N.Məhərrəmlinin sözlərinə görə, artıq eksrpet qrupunun fəaliyyəti üçün dövlət büdcəsindən vəsait də ayrılıb.

"Ekspert qrupu Azərbaycan telekanallarında nümayiş olunacaq bədii filmlərin təsnifatlaşdırılmasını aparacaq. Bu, bütün dünya ölkələrində var, filmlər çəkilərkən onlar avtomatik şəkildə təsnifatlaşdırılır. Yəni bu filmin hansı yaş həddinə aid olduğu müəyyənləşdirilir. Bu məsələdə ilk zamanlar müəyyən qədər problemlərin olması istisna deyil. Sovet dövründə çəkilmiş filmlərin əksəriyyətinin bu senzuradan keçməsində çətinlik görməsək də, 90-cı illərdən sonra xarici ölkələrdə çəkilmiş filmlərlə bağlı problemlər olacaq" - deyə N.məhərrəmli bildirib.

N.Məhərrəmli onu da bildirib ki, Milli Teleradio Şurası qarşısında dayanan məsələlərdən biri də çanaq antenləri kabel televiziyası ilə əvəzləməkdir. N.Məhərrəmli: "Son zamanlar kabel televiziyasının inkişafına çox diqqət yetiririk. Bütün dünya ölkələrində televiziya yayımının 60-70 faiziini kabel teleşəbəkəsi həyata keçirir. Bu il kabel televiziyası və kart satışı ilə məşğul olan bir firmaya lisenziya vermişik. Məqsədimiz şəhərin görkəminə xələl gətirən çanaq antenlərini kabel televiziyası ilə əvəz etməkdir. Kabel televiziyası keyfiyyət baxımından peyk antenlərindan daha üstündür".

N.Məhərrəmlinin sözlərinə görə, hazırda abonentlər kabel televiziyasından istifadə üçün 50 ABŞ dolları ödəyirlərsə, gələcəkdə bu qiymət 10 ABŞ dollarına qədər enəcək. Abonentlərin bu qiymətə təqribən 70-ə yaxın xarici telekanalı seyr etmək imkanı olacaq.

Xəbər lenti

Xəbər lenti