Azərbaycanın aparıcı bodibilderləri payız mövsümünü sentyabrın 22-də Gəncədə keçiriləcək ölkə Kubokunda çıxışla başlayacaqlar.
Milli Federasiyanın prezidenti Rauf Bünyatəliyevin Trend ə verdiyi məlumata görə, yarışda Zaqafqaziya Kubokunda zəfərlə çıxış etmiş ölkənin güclü atletləri iştirak edəcəklər. Onlar arasında Dünya və Avropa çempionatı iştirakçıları Vüqar Verdiyev, Fərhad Quliyev, Əlbəy Osmanov və Rövşən Quliyev var. "Bu günə qədər yarışda iştirak etmək üçün 14 atlet ərizə ilə müraciət edib. Onlar mükafat uğrunda üç çəki kateqoriyasında yarışacaqlar. Bundan başqa, biz Gəncənin ən yaxşı idmançısına xüsusi mükafat təsis etmişik", - deyə R. Bünyatəliyev vurğulayıb.
O, xüsusi olaraq qeyd edib ki, əvvəllər Bakıdan kənarda daxili yarışlar keçirilməyib, ona görə də qarşıdakı yarış Federasiya üçün həqiqətən tarixi hadisə olacaq.