Noyabrın 10-da Heydər Əliyev adına Sarayda bəstəkar Vüqar Camalzadənin yaradıcılıq gecəsi keçiriləcək. Trend in məlumatına görə, noyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirən Vüqar Camalzadə konsert barədə jurnalistəlrə ətraflı məlumat verib.
O bildirib ki, 15 ildən artıqdır bəstəkarlıq fəaliyyəti dövründə ilk dəfə olaraq hesabat konserti verəcək. Yaradıcılıq gecəsində V.Camalzadənin bəstələdiyi mahnılar ifa olunacaq, onun filmlər üçün yazdığı musiqilər, həmçinin indiyədək ifa olunmayan yeni mahnıları səslənəcək. Gecədə bəstəkarın mahnıları səslənən filmlərdən kadrlar nümayiş etdiriləcək.
Gecənin qonaqları estrada ulduzları Faiq Ağayev, Röya, Lalə Məmmədova, İradə İbrahimova, Zülfiyyə Xanbabayeva, Rəşad İlyasov, Elnur, Elnarə, "Yeni ulduz" yarışmasının iştirakçıları və başqa müğənnilər, şoumenlər olacaq. Müğənnilər V.Camalzadənin mahnılarını canlı ifa edəcəklər. Onları səhnədə bəstəkar özü müşaiyət edəcək. Həmçinin bəstəkarın instrumental musiqilərdən ibarət kompozisiyaları səslənəcək. V.Camalzadə jurnalistlərlə söhbətində konsertdə bəzi yeniliklərin olacağını da vəd edib.
Mahnıların ifasından başqa, bəstəkarın ünvanına təbriklər səslənəcək, çıxışlar ediləcək. Açılış üçün çıxış şoumen Qorxmaz Əliliyə həvalə edilib. Yaradıcılıq gecəsinin üç saata yaxın davam edəcəyi nəzərdə tutulub. Konsert noyabrın 10-da saat 19.00-da başlanacaq.
Mətbuat konfransında V.Camalzadə jurnalistləri maraqlandıran sualları da cavablandırıb. O, həmçinin pedaqoji fəaliyyətindən, musiqi Akademiyasında təhsil alması və dərs deməsindən danışıb. Hələlik bir qədər fərdi yaradıcılığa üstünlük verdiyini deyən V.Camalzadə gələcəkdə yenə də musiqi sahəsində müəllimlik fəaliyyəti ilə məşğul olmağı düşündüyünü deyib.
Qeyd edək ki, V.Camalzadə simfonik orkestr üçün 3 hissəli simfoniya, kamança və simfonik ortestr üçün konsert, simfonik mənzərə, violançel və fortopiano üçün sonata və digər əsərlərin, həmçinin 60-dan çox mahnının müəllifidir.
Bəstəkarın noyabırn 10-da Heydər Əliyev Sarayında keçiriləcək yaradıcılıq gecəsinə informasiya dəstəyi Trend İnformasiya Agentliyinə məxsusdur.