Noyabrın 14-də Hacı Məmmədovun məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanov prokurorların və vəkillərin suallarını cavablandırıb. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.
Daha sonra AFFA-nın vitse-prezidenti, Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş Fətulla Hüseynovun oğlu Tahir Hüseynov ifadə verib. T.Hüseynov Hacı Məmmədovun məhkəmə qarşısında dayanan bacısı oğlu, Kapitalbankın filial müdiri işləmiş Elçin Əliyevlə ortaq kommersiya fəaliyyəti ilə məşğul olduğunu bildirib. Şahid qeyd edib ki, atasının ölümü ilə əlaqədar əvvəllər nə Elçin Əliyevdən, nə də Hacı Məmmədovdan şübhələnməyib. Banda ifşa olunduqdan sonra o, şahid qismində istintaqa cəlb edilib və müstəntiq tərəfindən eşidib ki, atası Fətulla Hüseynovu kommersiya münasibətlərinə görə Hacı Məmmədov öldürüb.
Hacı Məmmədov isə məhkəmədən söz alaraq şahidə bildirib ki, Fətulla Hüseynovun qətli siyasi sifarişdir. "Mən Fətullanı öldürməklə kimlərinsə siyasi sifarişini həyata keçirmişəm" - deyə H.Məmmədov qeyd edib.
Məhkəmə iclası şahid dindirləmələri ilə davam edir.