Amerika Türkləri Assosiasiyaları Assambleyasının (ATAA) noyabrın 9-dan 11-dək Vaşinqtonda keçirilən 27-ci qurultayında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Bu barədə Trend ə hazırda ABŞ-da səfərdə olan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.
Həmin qurultayda Azərbaycan Respublikasından olan nümayəndə heyəti, həmçinin ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri, fəallıqları ilə seçilən soydaşlarımız iştirak ediblər. Qurultayda Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edib. O, dünyadakı Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycan-türk diasporlarının əməkdaşlığı və bunun gələcək perspektivləri barədə danışıb: "Həmçinin gələn il Bakıda keçiriləcək Azərbaycan-türk diasporunun birinci Forumu barədə danışıldı. Qurultaydan sonra Bakıdan gəlmiş sənətçi Azərin xanımın çıxışı oldu, onun konserti iştirakçılar tərəfindən yüksək rəğbətlə qarşılandı"-deyə N.İbrahimov məlumat verib.
N.İbrahimov qurultaydan sonra Azərbaycan diaspor nümayəndələri, ictimai fəallıqları ilə seçilən soydaşlarmızıla görüşlər keçirib: "Amerikanın hər yerindən gəlmiş azəbaycanlılarla görüşlərimiz oldu. Diasporumuzun fəaliyyəti barədə müzakirələr aparıldı. ABŞ-da diapor fəaliyyətini gücləndirmək üçün nələr etməliyik, qarşımızda hansı vəzifələr dayanır - bu məsələləri müzakirə etdik. ABŞ-da azərbaycanlıların yeni təşkilatlarının yaradılması məsələsi də diqqətdən keçirildi. Görüşdə qeyd olundu ki, gələcəkdə diasporlarımızla daha sıx işləməliyik. Diaspor nümayəndələri də öz fəaliyyətlərini gücləndirəcəklərini bildirdilər"-deyə Komitə sədri qeyd edib.