...

"Sənət" qəzetinin redaktor müavini Baş Prokurorluğa çağırılıb

Cəmiyyət Materials 24 Noyabr 2006 16:11 (UTC +04:00)

"Sənət" qəzetinin redaktoru müavini Mübariz Xanağalı Respublika Prokurorluğunun ağır cinayət işləri üzrə prokurorluğuna çağırılıb. Bu barədə Trend ə Mübariz Xanağalı özü məlumat verib.

Qeyd edək ki, "Sənət" qəzetində Məhəmməd peyğəmbər barədə təhqiramis yazının dərc edilməsinə görə nəşrin baş redaktoru Rafiq Tağı və redaktoru Samir Sədaqətoğlu cinayət məsuliyyətinə cəlb olunub, barələrində 2 aylıq həbs qərarı çıxarılıb. Yazı ilə bağlı prokurorluğa çağırılan redaktor müavini qəzetin çapa hazırlanması prosesi, həmin məqalənin çapı barədə izahat verib. Müstəntiq Ənvər Həmidov redaksiyaya məxsus olan internet qoşulmuş kompüterin prokurorluğa təqdim olunması, həmçinin qəzetin dizayner və korrektorun prokurorluğa gəlməsini tapşırıb.

Prokurorluğa "Sənət" qəzetində əvvəllər redaktor müavini işləmiş Zahir Əzəmət də çağırılıb, lakin onun avqust ayından həmin nəşrdə çalışmadığı müəyyənləşdiyi üçün izahatına ehtiyac qalmayıb. Mübariz Xanağalı bildirib ki, bu günə qədər vəkilsiz qalan Rafiq Tağı və Samir Sədaqətoğluna artıq Səyyad Məmmədov adlı vəkil tutulub.

Xatırladaq ki, "Sənət" qəzetinin 1 noyabr tarixli 61-ci sayında çap olunmuş "Avropa və biz" başlıqlı publisistik essedə Məhəmməd peyğəmbərin təhqir edildiyi iddia olunur. Rafiq Tağı və Samir Sədaqətoğlu hazırda Bayıldakı 1 saylı müvəqqəti saxlama təcridxansındadırlar.

Xəbər lenti

Xəbər lenti