Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov keçmiş SSRİ-nin müstəqil dövlətlərindən olan alimlərlə Əməkdaşlığa Dəstək Beynəlxalq Assosiasiyasının (INTAS - The International Association for the Promotion of Co-operation with Scientists from the New Independent States (NIS) of the Former Soviet Union) görüşündə iştirak edəcək. Elmlər Akademiyasından Trend ə verilən məlumata görə, o, noyabrın 25-də Brüsselə yola düşəcək. Seminar 27-29 noyabrda keçiriləcək və təşkilatın 2006-cı il ərzində fəaliyyətinin nəticələri, perspektiv tədbirlərlə bağlı planlar müzakirə olunacaq.
INTAS 1993-cü ildə Brüsseldə yaradılıb və qeyri-kommersiya xeyriyyə təşkilatıdır. Təşkilat əsasən, Avropa Birliyinin çərçivə proqramlarının büdcəsindən və AB ölkələrinin könüllü ödənişləri hesabına maliyyələşdirilir. Təşkilatın proqramı AB və MDB üçün birgə tədqiqat problemlərinin həllinə yönəldilib. Türkiyə, Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İslandiya, İrlandiya, İtaliya, İspaniya, İsrail, Kipr Respublikası, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Horveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya, Fransa, İsveç, İsveçrə, Çexiya, Estoniya, Avropa Birliyi, o cümlədən keçmiş SSRİ dövlətlərindən Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan və Ermənistan INTAS-a üzv ölkələrdir.