Təqaüd yaşına çatmış təxminən 200 yaradıcı və texniki əməkdaş Azərbaycan teleradioverilişləri qapalı tipli səhmdar cəmiyyətindən (AzTV) gedib. Bu barədə Trend ə AzTV-nin kadr və xüsusi işlərin idarə edilməsi departamentinin rəisi Mansur Bayramov məlumat verib.
O qeyd edib ki, indiyədək əməkdaşlarla saathesabı əsasda müqavilələr imzalanıb. İş səviyyəsindən asılı olmayaraq, əməkdaşlar sabit əmək haqqı alıb. İndi işçilərə işəmuzd ödəniş sistemi tətbiq olunur. Lakin bu o demək deyil ki, gedən insanlar AzTV-dən tamamilə kənarlaşdırılırlar. Onlar işəmuzd şəkildə əməkdaşlıq edə bilərlər.
Departament başçısı hesab edir ki, boşalmış yerlərə gənc kadrlar cəlb olunacaq. Bu, şirkətin gələcək inkişafı üçün zəruridir. "İndi yeni texnologiyalardan istifadə olunur və 60-70 yaşında insan onu qavraya bilmir. Gənclərə yol açmaq lazımdır. Boşalmış yerlərə peşəkar işçilər götürüləcək", - deyə M.Bayramov bildirib.