...

Teleradio Şurasının sədri: "ANS-in tezliyinə elan olunmuş müsabiqədə sənəd qəbulunun müddəti uzadıla bilər"

Cəmiyyət Materials 29 Dekabr 2006 13:44 (UTC +04:00)

"ANS-in tezliyinə elan olunmuş müsabiqədə iştirak etmək məqsədilə sənəd qəbulunun müddəti uzadıla bilər, bir şərtlə ki, bunun üçün Teleradio Şurasına müraciət edilsin". Bu barədə Trend ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Qeyd edək ki, ANS televiziyasının tezliyinə elan olunmuş müsabiqə ilə bağlı sənəd qəbulu yanvarın 5-də başa çatır. Azərbaycan hökumətinin qərarına əsasən isə dekabrın 31-dən yanvarın 6-dək rəsmən iş günü deyil. N.Məhərrəmli bildirib ki, 7 gün bayram günü olduğunu nəzərə alaraq, Teleradio Şurasında bu müddət ərzində növbətçi iş rejimi qurulacaq. Sənəd qəbulunun davam etməsi üçün Teleradio Şurasının hüquq və lisenziya şöbəsi bayram günlərində işləyəcək. N.Məhərrəmlinin sözlərinə görə, əgər ehtiyac yaranarsa, sənəd qəbulunun vaxtı yavarın 5-dən sonra bir neçə gün uzadıla bilər. Çünki müsabiqədə iştirak etmək istəyən iddiaçılar bayram günlərində lazımi sənədləri toplaya bilməsələr, bu barədə Teleradio Şurasına müraciət edə bilərlər. Şura dövlət qurumlarının 1 həftə işləmədiyini nəzərə alaraq, sənəd qəbulu müddətini artıra bilər.

Qeyd edək ki, müsabiqədə hələ də ANS-dən başqa iştirakçı yoxdur. Xatırladaq ki, bu il noyabrın 24-də Teleradio Şurası fəaliyyətindəki qanun pozuntularını əsas gətirərək ANS-in yayımının dayandırılması və onun tezliyinə müsabiqə elan olunması barədə qərar çıxarıb. Lakin dekabrın 12-də ANS-in yayımı müsabiqənin sonunadək bərpa edilib.

Xəbər lenti

Xəbər lenti