...

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bəzi mətbu orqanlardan təkzib tələb edir

Cəmiyyət Materials 2 Mart 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi ilə bağlı bəzi mətbu orqanlarda yazılan qeyri-dəqiq məlumatla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, dövlət əmlakının mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında ittiham olunan sabiq səhiyyə naziri Əli İnsanov və daha 10 nəfərin işi üzrə martın 1-də keçirilmiş məhkəmə iclası ilə bağlı martın 2-də bəzi KİV-lərdə dərc olunmuş reportajlarda yanlışlığa yol verilib: "Belə ki, bəzi qəzetlər təqsirləndirilən şəxs V.Abbasovun sərbəst ifadəsində adını hallandırdığı Dursun İbrahimov adlı şəxs redaktorların qeydi əsasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahmovun qardaşı kimi təqdim edilib. Halbuki, bu informasiya həqiqətdən tamamilə uzaqdır və Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Dursun İbrahimov adında qardaşı yoxdur. Dövlət Komitəsi dəqiqləşdirilməmiş məlumatı dərc etmiş kütləvi informasiya vasitələrinin obyektiv jurnalistikanın prinsipləri və peşə etikası ilə bir araya sığmayan bu addımından təəssüfləndiyini bildirir və "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə, həmin qanunun 45-ci maddəsinin tələblərinə müvafiq formada uyğun olaraq təkzib verilməsini tələb edir",-deyə Komitənin məlumatında vurğulanır.

Xəbər lenti

Xəbər lenti