...

Son 2 ildə ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin 260 əməkdaşı cəzalandırılıb

Cəmiyyət Materials 16 Mart 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K.Zərbalıyeva/ Son 2 ildə ciddi nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin 260 əməkdaşı cəzalandırılıb, 80 vəzifəli şəxs işdən azad edilib, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlər törətmiş 38 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində bütün cəzaçəkmə müəssisələri rəisləri, müavinləri və digər rəhbər işçilərin iştirakı ilə keçirilən Ədliyyə Nazirliyinin səyyar Kollegiya iclasında məlumat verilib. Eyni zamanda işçilərin maddi-sosial təminatı köklü surətdə yaxşılaşdırılıb, onların əmək haqqı xeyli artırılıb.

Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov Penitensiar Xidmətin işinin müasir tələblərə uyğun qurulması üzrə həyata keçirilən kompleks tədbirlərdən danışıb.

İclasda son dövrdə görülmüş işlər barədə nazir müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərovun məruzəsi dinlənilib, qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.

Həmçinin, məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma şəraitinin və təminatlarının yaxşılaşdırılması, fəaliyyətdə şəffaflığın gücləndirilməsi üzrə görülən tədbirlər qeyd edilib.

Bununla yanaşı, nazir Fikrət Məmmədov Penitensiar Xidmətdə bir çox problemlərin və nöqsanların hələ də mövcud olmasını diqqətə çatdırıb. Narahatlıq doğuran konkret faktlara toxunan nazir cavabdeh şəxsləri ciddi cəzalandıraraq, digərlərindən görülən qəti tədbirlərdən nəticə çıxarmağı və qısa müddətdə fəaliyyətlərində dönüş yaratmağı tələb edib.

Ölkə başçısının tapşırığına əsasən penitensiar orqanlarda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə dövlət təltiflərinə layiq görülmüş əməkdaşlara təltiflər təqdim olunub.

Xəbər lenti

Xəbər lenti