...

Azərbaycanlı tələbələr Almaniya Parlamentində görüş keçirəcəklər

Cəmiyyət Materials 18 Aprel 2007 17:02 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Aprelin 19-da Alumni Network və Azərbaycanlı Tələbələrin Avropa Forumu (ATAF) tərəfindən Berlində, Almaniya parlamentində (Bundestagda) Almaniyada təhsil alan azərbaycanlı tələbələrin ilk forumunu keçirəcək. "Gələcək" adı verilən forumda Azərbaycanın yaxın gələcəkdəki inkişafı, sosial problemlərinin həlli yolları, Avropada yaşayan azərbaycanlıların birgə fəaliyyəti kimi bir sıra məsələlərə toxunulacaq.

Müxtəlif media mənsublarının da dəvət edildiyi forumda Almaniya parlamentinin deputatı, Alman-Qafqaz qrupunun üzvü Joerg Tauss, Azərbaycanın Almaniyadaki səfiri Pərviz Şahbazov, Açıq Hava Universitetinin professoru Erkin Qədirli, ATAF-ın baş katibi Vüsal Məmmədov, Alumni Networkun yaradıcılarından biri Emin Milli və digər qonaqlar çıxış edəcəklər.

İki gün davam edəcək forum ərzində Almaniyanın müxtəlif siyasətçiləri, gənclik təşkilatları və media nümayəndələriylə görüşlər təşkil olunacaq. Bu görüşlər zamanı Dağlıq Qarabağ problemini geniş şəkildə Almaniya ictimaiyyətinə çatdırmaq, Almaniya-Azərbaycan vətəndaş cəmiyyətləri arasında dialoqun yaradılması və inkişaf etdirilməsi əsas diqqət mərkəzində olacaq.

Qeyd etmək lazımdır ki, 2006-cı ilin may ayından etibarən təşkil olunmağa başlanan bu forumlar "Gələcək özü gəlməyəcək" şüarı altında keçirilir.

Xatırladaq ki, keçən il may ayında keçirilən ilk forumda 5000 azərbaycanlı tələbənin dövlət xətti ilə xaricdə təhsil alması barədə geniş kompaniya hazırlanmışdı. Yaxın günlərdə prezident İlham Əliyevin bu barədə sərəncam imzalanması gənclərə göstərilən qayğıyla yanaşı, bu kompaniyanın uğurundan xəbər verir.

Xəbər lenti

Xəbər lenti