Azərbaycan, Naftalan, 2 may/müx.Trendlife İradə Əsədova/Bakıdan 360 km məsafədə yerləşən Naftalan ərazisi 31,3 kv.km, əhalisi isə 8 min nəfərdir. Naftalanın müalicəvi əhəmiyyəti barədə ilk yazılı məlumat daha əvvəl verilsə də, onun texniki istismarına XIX əsrin 70-ci illərindən başlanıb.
1928-ci ildə Azərbaycanda Naftalan neftinin müalicə effektliyini öyrənmək üçün tədqiqata başlanıb. Naftalan kurortunun əsas inkişafı 1970-80-cı illərə təsadüf edir. 1982-87-ci illərdə ora müalicəyə gələnlərin sayı 40 mindən 70 minə qədər artmışdı. Burada çoxlu sanatoriya tikilib istifadəyə verilmişdi. Sonrakı illərdə ölkəmizə qarşı erməni təcavüzü Naftalandan da yan keçmədi.
İndi buradakı sanatoriyalardan cəmi biri - "Çinar" fəaliyyət göstərir. Qalanlarına isə qaçqın və məcburi köçkün soydaşlarımız yerləşdirilib. Bu gün vəziyyət yaxşılığa doğru dəyişilib. Şəhərdə xeyli abadlıq, quruculuq işləri aparılıb. 27 bina təmir edilib, yeni sanatoriyalar açılıb və s. Mütəxəssislərin dediyinə görə, gələcəkdə Naftalan müalicəvi neftinə görə dünyanın məhşur kurort şəhərlərindən birinə çevriləcək.