...

Azərbaycan Ədliyyə Nazirliyi Macarıstan Ədliyyə Nazirliyinə müraciət edib

Cəmiyyət Materials 4 May 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Budapeşt şəhər məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun cəzasını çəkmək üçün Azərbaycana verilməsi ilə bağlı Ədliyyə Nazirliyi Macarıstanın Ədliyyə Nazirliyinə müraciət edib. Bu barədə Trend ə cümə günü Ədliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hələlik müraciətə qarşı tərəf cavab verməyib. Məlumata görə, Azərbaycanla Macarıstan arasında qarşılıqlı hüquqi yardım haqqında müqavilə yoxdur. Lakin hər iki dövlət Məhkumların cəza çəkmək üçün öz ölkəsinə verilməsi haqqında Avropa Kovensiyasına qoşulub. Səfərovun Azərbaycana verilməsi də bu Konvensiya əsasında həyata keçirilə bilər.

Səfərovun ailəsinin məhkəmədəki nümayəndəsi İkram Şirinov isə bildirib ki, ayın sonunda Səfərovun barəsində Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayətinin verilib-verilməyəcəyi barədə yekun qərara gəlinəcək. Vəkil Səfərov barəsində hər iki cinayət işi üzrə məhkəmə qərarlarını aldığını, onlarla yaxından tanış olduğunu və şikayətlərin konturlarının hazırlandığını bildirib.

Erməni zabitini qətlə yetirməkdə ittiham olunan Səfərov Budapeşt şəhər məhkəməsinin13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Saxlandığı İstintaq Təcridxanasının nəzarətçiləri ilə arasında yaranmış insidentlə bağlı Səfərova ötən il noyabrın 17-də Budapeştin rayon məhkəməsinin hökmü ilə 8 ay şərti iş verilib.

Xəbər lenti

Xəbər lenti