...

Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktorunun ittihamlarını əsassız sayır

Cəmiyyət Materials 6 İyun 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktorunun bəyanatının heç bir əsası yoxdur və bunlar subyektiv fikirlərdir. Bunu çərşənbə günü Trend ə Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev Eynulla Fətullayevin bu gün keçirilən məhkəmə prosesində həyatı üçün yaranan təhlükə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Babayev bildirib ki, MTN-in İstintaq Təcridxanasında belə hallara yol verilməsi qeyri-mümkündür: "Eynulla Fətullayevin bu gün məhkəmədə səsləndirdiklərinin hamısı uydurmadır və heç bir əsası yoxdur. Onunla mütəmadi görüşən vəkili hər gün KİV-ə açıqlama verir və həmişə bildirir ki, onun heç nədən şikayəti yoxdur. Ümumiyyətlə, bu uydurmaya, absurdluğa aludəçilik onun yazılarından da açıq-aydın görünür. Əgər bu adam öz qəzetlərində xalqımızın ən ağır məsələsi olan soydaşlarımıza qarşı soyqırım faktını inkar edərək, Xocalı faciəsini ermənilərin deyil, azərbaycanlıların törətdiyni yazırsa, yaxud Tiflisdə guya Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyevlə görüşdüyü barədə yalandan Bakıda gəlib ajiotaj yaratmaqla özünə çox cılız metodlarla diqqət qazanmağa çalışırsa, bu, onun həmişəki ampluasında olduğunun əyani sübutudur. Mən bir şeyi də deyim ki, bugünkü məhkəmədə hakim guya ona işgəncə verilməsi barədə yazılı şəkildə müraciət etməsini məsləhət görəndə E.Fətullayevin imtina edərək ona guya psixoloji təsir göstərilməsi barədə absurd fikirlər irəli sürməsi də onun dediklərinin nə qədər əsassız olduğunu bir daha göstərir. MTN təcridxanasında hansısa təzyiqdən, işgəncədən söhbət belə gedə bilməz. Bu olmayıb və ola da bilməz. Bu sadəcə E.Fətullayevin özünə diqqəti cəlb etmək üçün növbəti uydurmalarından birisidir. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri aparılır və ictimaiyyətə də sonradan məlumat veriləcək".

Bu gün Apellyasiya Məhkəməsində keçirilən prosesdə Eynulla Fətullayev ona MTN-in İstintaq Təcridxanasında yemək verilmədiyini, 9 gündür ac-susuz olduğunu, döşəksiz dəmir çarpayıda yatdığını bildirib. Həyatı üçün yaranan təhlükə ilə bağlı hakimdən tədbir görülməsini xahiş edib.

Aprelin 20-də Yasamal Rayon Məhkəməsi Tatyana Çaladzenin iddiası əsasında Fətullayevi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Fətullayev 2 il əvvəl yazdığı "Qarabağ gündəliyi" adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahkar bilinib. Apellyasiya Məhkəməsi onun barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb.

Mayın 29-da E.Fətullayev Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə başlanan cinayət işi ilə əlaqədar Bayıldakı 1 saylı İstintaq Təcridxanasından nazirliyin təcridxanasına köçürülüb.

Baş prokuror Zakir Qaralov jurnalistlərə müsahibəsində bildirib ki, MTN-dəki cinayət işi E.Fətullayevin təsis etdiyi saytda guya İran İslam Respublikası tərəfindən bombalanacaq Azərbaycanın müəyyən dövlət obyektləri və konkret ünvanlar göstərildiyinə görə açılıb.

Xəbər lenti

Xəbər lenti