...

Azərbaycan Apellyasiya Məhkəməsinin hakimlərinin fəaliyyəti mənfi qiymətləndirilib

Cəmiyyət Materials 13 İyun 2007 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Məhkəmə-Hüquq Şurasının (MHŞ) iclasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və yeni apellyasiya məhkəmələrinin formalaşdırılması məsələləri müzakirə edilib.

MHŞ-dən çərşənbə günü verilən məlumata görə, iclasda son dövrdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericilikdə mütərəqqi dəyişikliklərin edildiyi, beynəlxalq təcrübəyə uyğun yeni təsisatlar yaradıldığı, məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün tədbirlər görüldüyü qeyd olunub.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi yekunlaşıb. Nazir qeyd edib ki, məhkəmə hakimiyyətində yalnız mənəvi saflığı, peşəkarlığı, yüksək hazırlığı və qərəzsizliyi ilə fərqlənən hakimlərin təmsil olunması zəruridir.

Şurada apellyasiya instansiyası məhkəmələri hakimlərinin fəaliyyəti tənqid olunub, onların bir çoxunun intizam qaydasında cəzalandırılması, o cümlədən vəzifədə aşağı salınması barədə qərarların qəbul edilməsi nəzərə alınıb, prinsipial təhlil nəticəsində isə bəzilərinin yeni yaradılan apellyasiya məhkəmələrinin hakimi qismində fəaliyyətlərini davam etdirməsi mümkün bilinib.

Eyni zamanda, təcrübəli, nüfuzlu və mənəvi cəhətdən təmiz şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə təqdim edilməsi məsələləri müzakirə olunub, dövlət başçısına müvafiq təkliflər verilib.

Xəbər lenti

Xəbər lenti