Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstan hökuməti ölkə əhalisinin, o cümlədən burada yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində işlər görür və bu işdə Azərbaycan hökumətinin də dəstəyini hiss edir. Bu barədə Bakıda səfərdə olan Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Zurab Melikişvili cümə axşamı
jurnalistərə açıqlama verib.
Qeyd edək ki, Kvemo-Kartli (Borçalı) bölgəsinə azərbaycanlıların kompakt yaşadığı rayonlar daxildir.
Qubernator Melikişvilinin sözlərinə görə, son iki ildə Gürcüstanda torpaq islahatları ilə bağlı problemin 80 faizi artıq həllini tapıb: "Bu işdə bizə kənd təsərrüfatı sahələrinin özəlləşdirilməsi haqda yeni qanun kömək etdi. Hazırda Gürcüstan dövləti qarşısında dayanan prioritet məsələlərdən biri bölgələrin infrastrukturu ilə bağlı işlərin görülməsidir".
Qubernator qeyd edib ki, Gürcüstan bölgələrinin, o cümlədən Kvemo-Kartlinin iqtisadi potensialı böyükdür. Ona görə də Gürcüstan hökuməti infrastrukturu genişləndirmək və yeni iş yerləri açmaq niyyətindədir: "Azərbaycandan, həmçinin başqa ölkələrdən iş adamlarının, biznesmenlərin Gürcüstana gələrək yeni iş yerləri açmasını istəyirik. Hazırda yolların təmiri işləri gedir, həmçinin içməli su probleminin həlli ilə bağlı layihələrimiz var. Yaxın iki il ərzində meliorasiya sisteminin bərpa edilməsi nəzərdə tutulur, bu isə bizim bölgədə 20 min hektar ərazinin suvarılmasına imkan yaradacaq. Bu, irəliyə doğru addımdır" - deyə qubernator Melikişvili qeyd edib.
O, həmçinin bildirib ki, ay yarımdan sonra Kvemo-Kartli bölgəsinə daxil olan Marneuli rayonunda yeni konserv zavodunun açılışı olacaq.