...

Qobustan qapalı həbsxanasında aclıq edən məhkumların bir qrupu aclığı dayandırıb

Cəmiyyət Materials 28 İyun 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumların bir qrupu aclığı dayandırıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi Rafiq Ramazanov cümə axşamı Trend ə bildirib ki, hazırda 29 məhkum aclığı davam etdirir. Onların həkim nəzarətində olduğunu deyən şöbə rəisi aclıq edənlər arasında səhhəti ağırlaşan məhbusun olmadığını deyib. Ramazanov guya Qobustan qapalı həbsxanasına əsgərlərdən ibarət xüsusi rotanın yerləşdirilməsi barədə yayılan məlumatları təkzib edib.

Məhkumların qohumları Qobustanda 50-dən artıq ölüm cəzası ömürlüklə əvəzlənmiş məhkumun aclıq etdiyini, aksiyanın isə iyunun 18-dən başladığını deyiblər.

Penitensiar Xidmətdən isə həbsxanada iyunun 20-dən 38 məhkumun aclığa başladığı bildirilib.

İdarədən aclıq edən məhkumlar arasında 2000-ci ildən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhkumların da olduğu deyilib. Onlar da ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumlar kimi cəzalarının 15 ilə endirilməsini tələb edirlər.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Eyni tələblə bir qrup məhkum aprelin 16-dan 20-dək aclıq aksiyası keçirmişdi.

Xəbər lenti

Xəbər lenti