Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin kassasiya şikayətini geri götürməsi onun səhhəti ilə bağlı olub. Bu barədə çərşənbə axşamı Muradverdiyevin vəkili Rəşad Mirmehdizadə məlumat verib. Onun sözlərinə görə, iyulun sonuna yenidən kassasiya şikayəti Ali Məhkəməyə təqdim olunacaq. Vəkil bildirib ki, Muradverdiyevin səhhətindəki problemlər qalmaqdadır və müalicə effekt vermir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən isə bildiriblər ki, Muradverdiyevə beyin qan dövranının xroniki çatışmazlığı diaqnozu qoyulub və müvafiq təyinatlar aparılıb.
Muradverdiyevin vəkilləri kassasiya şikayəti versələr də, bir müddət öncə şikayəti geri götürüblər.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Tofiq Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.