...

DAK-ın sədr müavini: "Yanlış yolda olanlar DAK-ın bütövləşməsi üçün səhvlərini etiraf etməlidir"

Cəmiyyət Materials 26 İyul 2007 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) bütövləşməsi üçün təşkilatdan ayrılmış qrup, xüsusilə də İdarə Heyətinin keçmiş üzvü Əhməd Obalı öz səhvlərini etiraf etməlidir. Bu barədə DAK-ın başqan müavini Eldar Qaradağlı açıqlama verib.

Qeyd edək ki, 2003-cü ildə DAK-da parçalanma baş verdi və o zamankı İdarə Heyətinin iki üzvü - Cavanşır Əmir Haşimi və Obalı təşkilatdan ayrıldılar. Onlar öz tərəfdaşları ilə birlikdə ikinci DAK adı ilə fəaliyyət göstərirlər.

Son zamanlar Obalı DAK-a birləşəcəkləri barədə açıqlamalar verir.

Qaradağlı buna cavab olaraq yaydığı bəyanatında bildirir ki, DAK-ın doqquzuncu Köln qurultayında yeni İdarə Heyətinə tapşırılan ən vacib vəzifələrdən biri təşkilatın bütövləşməsi olub. Qaradağlının sözlərinə görə, DAK bu yolda üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır. Lakin o, hesab edir ki, son günlərdə Obalının rəhbərlik etdiyi "GünAz TV"nin birləşmə bəhanəsi ilə DAK-ın ünvanına tənqidlər yağdırması, birtərəfli şəkildə yalan, saxta məlumatlar yayması böyük bir əks-təbliğata çevrilib.

"DAK-dan ayrılan dostlar 2005-ci ilin mayında Güney Azərbaycanda kütləvi etiraz aksiyaları baş verən zaman DAK-a birləşmək üçün danışıqlara razılıq veriblər, lakin bu iş yarımçıq qalıb. Buna etiraz əlaməti olaraq Cavanşir Əmir Haşimi və Mustafa Alınca Əhməd Obalının dəstəsindən ayrılıblar və "Güney Azərbaycan Konqresi" yaradıblar. O zaman Obalı üçüncü dəfə DAK-çıların parçalanmasına zəmin yaradıb" - deyə Qaradağlı qeyd edib. Onun sözlərinə görə, DAK isə həmin vaxt iki bildirişlə çıxış edib, güneyliləri parçalanmağa deyil, əksinə, birliyə can atmağa çağırıb.

Qaradağlı qeyd edib ki, birliyi pozan şəxslər DAK-a birləşməmək üçün hətta adlarını dəyişdirərək öz təşkilatlarını Demokratik DAK adlandırıblar: "Əhməd Obalı və DDAK- çılar "GünAz TV"nin imkanlarından yararlanaraq DAK-a qarşı iftiralar yaymaqda davam ediblər. Lakin son zamanlar "GünAz TV" və şəxsən Obalı DAK-ların birləşməsindən danışır. Əhməd bəyə üz tutub deyirik ki, hansı dəyişikliklər baş verib ki, onun "xain", "satqın" adlandırdığı DAK indi doğma, müstəqil bir təşkilata çevrilib? DAK-da dəyişən yalnız DAK Sədr Aparatının və DAK Məclisinin ləğv olmasıdır" - deyə DAK-ın sədr müavini qeyd edib.

O, həmçinin əlavə edib ki, DAK-ın qapısı hər zaman Obalının və digər tərəfdaşlarının üzünə açıqdır. Lakin Obalı yalnış yolda olduğunu etiraf edərək səmimi şəkildə peşmanlıq çəkdiyini bəyan etməli və istiqlalçı, fədakar soydaşlarından üzr istəməlidir.

Xəbər lenti

Xəbər lenti