Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları "Qaradağ Sement" ASC-yə istehsal prosesi müddətində atmosfer havasına sement tozu atdığına görə inzibati qaydada 220 manat məbləğində cərimə tətbiq ediblər. Bu barədə nazirliyin mətbuat xidmətindən cümə axşamı məlumat verilib. Məlumata görə, nazirlik həmçinin 10247,04 manat məbləğində iddia qaldırıb və çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan "məcburi göstəriş" verib.
Departament əməkdaşları eyni zamanda Şəmkir rayonu Düyərli Bələdiyyəsinin öz ərazisində formalaşan məişət tullantılarını qeyri-qanuni şəkildə qalaqladığını və zərərsizləşdirilməsini təmin etmədiyini aşkarlayıb. Göstərilən faktlarla əlaqədar məsul şəxslər inzibati qaydada cərimələnib.