...

"Ömürlüklər"in bir qrupu Ali Məhkəməyə kassasiya şikayəti verib

Cəmiyyət Materials 11 Avqust 2007 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 3 məhkum barəsindəki hökmdən Ali Məhkəməyə şikayət verib. Məhkumların vəkili Elman Osmanov şənbə günü Trend ə bildirib ki, Əli Quliyev və Nadir Məhərrəmov barələrindəki hökmdən Ali Məhkəmənin Pilenumuna əlavə kassasiya şikayəti, Dəyanət Kərimov isə kassasiya şikayəti ilə müraciət edib. Vəkilin sözlərinə görə, məhkumlar barələrindəki ömürlük azadlıqdan məhrumetmə cəzasının 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsini istəyirlər. Osmanov bildirib ki, millət vəkili Əli Hüseynovun Qobustan qapalı həbsxanasında məhkumlarla görüşündən və Ali Məhkəmənin sədri Ramiz Rzayevin mətbuata açıqlamasından sonra "Ömürlüklər" cəzalarının yüngülləşdiriləcəyinə ümid edirlər. Şikayətlərə nə vaxt baxılacağı isə hələlik müəyyən deyil.

Qobustan qapalı həbsxanasının rəisi Əlizadə Hüseynov 50-dən artıq "ömürlüy"ün işlərinə yenidən baxılması üçün Ali Məhkəməyə müraciət etdiklərini deyib.

Ali Məhkəmədən isə bildirilib ki, 2005-ci ildən indiyədək məhkəməyə məhkumlardan belə şikayətlər daxil olub. Həmin şikayətlərə ayrı-ayrılıqda baxılıb və məhkumlara cavab verilib. Son vaxtlar isə ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 87 məhkumun Ali Məhkəməyə müraciəti daxil olub və həmin müraciət hər bir məhkumun işi üzrə araşdırılıb və məhkumlara hüquqları izah olunub. Məhkəmədən bildirilib ki, qanunvericiliyə görə, məhkəməyə kollektiv müraciət formasında şikayət oluna bilməz.

Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 85 məhkum cəzalarının 15 ilə endirilməsini tələb edirlər. Onlar bu tələblə bir neçə dəfə aclıq aksiyası keçiriblər. Sonuncu aksiyadan sonra millət vəkili Hüseynov həbsxanada məhkumlarla görüşüb və onlara işlərinə fərdi qaydada baxılması üçün Ali Məhkəməyə şikayət vermələrini tövsiyə edib. Ali Məhkəmənin sədri Rzayev də mətbuata açıqlamasında məhkumlara Ali Məhkəməyə müraciət etmələrini məsləhət görüb.

Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 85 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə

bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Xəbər lenti

Xəbər lenti