...

DEVAMM sədri: "Vəhabilər kimi tanınan şəxslərin saqqalını məcburən qırxmaq bu problemi həll edə bilməz"

Cəmiyyət Materials 14 Avqust 2007 18:04 (UTC +04:00)
DEVAMM sədri: "Vəhabilər kimi tanınan şəxslərin saqqalını məcburən qırxmaq bu problemi həll edə bilməz"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Azərbaycanda vəhabilər kimi tanınan şəxslərin saqqalını məcburən qırxmaq bu problemi həll edə bilməz. Son günlər Azərbaycanın şimal bölgəsində vəhabi kimi tanınan şəxslərin saqqalının məcburən qırxılmasına dair məlumatlara münasibət bildirən Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri, hüquq müdafiəçisi İlqar İbrahimoğlu çərşənbə axşamı Bakıda bilbirib ki, hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən belə əməllər qeyri-qanuni səciyyə daşıyır və insan haqları, o cümlədən, dini etiqad azadlığı və şəxsiyyətin toxunülmazlığı hüququ ilə daban-dabana ziddir.

"Son həftələr ərzində ölkənin şimal bölgəsində dini etiqad və vicdan azadlıqlarının pozulması barədə siqnallar artmaqdadır. Bu pozuntular, o cümlədən, "vəhabilər"ə aid olmaqda ehtimal edilən şəxslərin, hüqüq-mühafizə orqanları təmsilçiləri tərəfindən zorla saqqallarının qırxılmasında təzahür edir", - deyə İbrahimoğlu əlavə edib.

Onun fikrincə, hüquq-mühafizə orqanları öz fəaliyyətlərində ölkə qanunvericiliyini və insan haqları sahəsində Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədləri rəhbər tutmalıdırlar. Bundan əlavə, hüquq-mühafizə orqanları özləri vətəndaşların hüquq və azadlıqlarının hər hansı təcavüzdən qorunmasının zamini kimi çıxış etməlidirlər: "Bu əlaqədə, saqqalların zorla qırxılması kimi əməllər, mahiyyətcə qeyri-qanuni, icra baxımından isə son dərəcədə eybəcərdir".

Xüsusilə vurğulamaq gərəkdir ki, bu cür əməllərin guya şimal regionunda vəhabiliklə "profilaktik" mübarizə çərçivəsində aparılması ilə pərdələnməsi cəhdləri - populist spekulyasiyalardan başqa bir şey deyildir. Belə iddialar yalnız təəssüf və heyrət doğura bilər. Çünki, bu cür qeyri-qanuni əməllər mahiyyət etibarilə məhz müəyyən qrup dindarlar arasında radikallaşmanı labüd edir və vəhabilik kimi ekstremist və radikal cərəyanların təşəkkül tapması üçün münbit şərait yaradır".

İbrahimoğlu qeyd edib ki, öz mahiyyətinə görə insan fəaliyyətinin bütün istiqamətlərində mötədilliyi dəstəkləyən müqəddəs İslam dini ilə heç bir əlaqəsi olmayan vəhabilik tipli qondarma cərəyanlar, məhz incidilmiş insanların arasında dinlə pərdələnmiş tezisləri yaymaqla, özəl proqramlarını həyata keçirməyə müvəffəq olurlar.

Ölkədə vəhabiliyin inkişaf etməsi perspektivinin təhlükəli səciyyə daşıdığını təsdiq edən DEVAMM sədri bildirib ki, bununla yanaşı bu cür addımlar, əksinə, vəhabiliyi gücləndirən amillərdəndir.

"Uzun illərdən bəri müsəlmanlar arasına fitnə salan, dünyagörüşü və ibadət məsələlərində fərqlərə görə nifrət və dözümsüzlük münasibətini aşılayan, 200 illik tarixini qanla, zorakılıqla, qeyri-humanistliklə və digər fəsadlarla yazan vəhabilik cərəyanı ilə mübarizədə yeganə səmərəli vasitə - yalnız maarifçilik və bu cərəyanın dağıdıcı mahiyyətini ifşa etməklə bağlı fəaliyyətdir". -deyə İbrahimoğlu bildirib.

Onun fikrincə, eyni zamanda, belə cərəyanların ayaq tutmasının həqiqi səbəbləri barədə də düşünmək zəruridir. Hüquq müdafiəçisi deyib ki, yaranmış hal, ilk növbədə, islam maarifçiliyi sahəsində məsuliyyəti üzərinə götürən rəsmi din strukturlarında mövcud olan acınacaqlı vəziyyətin təzahürüdür: "Bununla yanaşı, ölkədə vətəndaş cəmiyyəti baxımından mövcud olan bərbad durum, cəmiyyətin harmonik mənəvi inkişafı üçün real imkanların yoxluğu - hər növ zombiləşmiş elementlərin, qaraguruhçuların, cahillərin inkişafı üçün əlverişli olan şəraiti yaradır".

Xəbər lenti

Xəbər lenti