...

Baş Prokurorluq 1 saylı cəzaçəkmə müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb

Cəmiyyət Materials 14 Avqust 2007 19:12 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Baş Prokurorluq 1 saylı cəzaçəkmə müəssisəsində baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. Çərşənbə axşamı Trend ə daxil olan məlumatda qeyd olunur ki, bir sıra ağır cinayətlər törətdiyinə görə, məhkəmənin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş Habil Tağıyev avqustun 12-də saat 08.55 radələrində səhər yoxlamasına gedərkən qaldığı yataqxananın birinci mərtəbəsində onunla pis zarafat etdiyinə görə digər məhbus Qalib Hənifəyev ilə mübahisə edərək şəxsi münaqişə zəminində onu çay qaşığından hazırladığı kəsici alətlə qəsdən bir dəfə vurub qarın boşluğuna keçən deşilmış-kəsilmış xəsarət yetirib. Qalib Hənifəyevə müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq o aldığı xəsarətdən müalicə müəssisəssində vəfat edib.

Baş Prokurorluq hadisənin guya əraziyə qanunsuz olaraq keçirilmış narkotik vasitələrin bölüşdürülməsi zamanı baş verməsi və insident zamanı daha bir neçə şəxsin xəsarət alması barədə yayılan məlumatların əsassız olduğunu və sensasiya yaratmağa xidmət etdiyini bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Tağıyev ifadəsində hadisənin hər hansı bir qanunsuz narkotik vasitənin bölüşdürülməsi zamanı deyil, məhz aralarında baş vermiş mübahisə ilə əlaqədar şəxsi münaqişə zəminində törədildiyini göstərib. Digər şahidlər də bu xususatı təsdiq edərək əvvəllər onların bir-biri ilə şit zarafatlar etdiyini və münasibətlərinin yaxşı olmadığını qeyd ediblər. İstintaq zamanı cəza çəkən şəxslər arasında hər hansı bir kütləvi dalaşma və digər şəxslərin xəsarət alması faktları müəyyən edilməyib.

Mənfi xarakterizə olunan hər iki məhkum barəsində rəhbərlik tərəfindən dəfələrlə tənbeh tədbirləri tətbiq olunmuş və bir sıra qəzetlərdə cinayətkar aləmdə "nüfuzlu"şəxs kimi təqdim olunan Qalib Hənifəyev bir neçə ağır, o cümlədən kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə və mütəşəkkil dəstənin tərkibində həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma cinayətlərini törətdiyinə görə Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəməsinin hökmü ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilmişdir.

Baş vermiş hadisə ilə əlaqədar Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmağa görə cinayət məsuliyyəti nəzərdə tutan 126.3 maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti