...

Azərbaycanın sabiq səhiyyə nazirinin iddiası üzrə məhkəmə prosesi təxirə salınıb

Cəmiyyət Materials 24 Avqust 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Sabiq səhiyyə naziri Əli İnsanovun ədliyyə naziri Fikrət Məmmədovun və 1 saylı İstintaq Təcridxanasının rəhbərliyinə qarşı qaldırdığı mülki iddia üzrə cümə günü Nəsimi rayon məhkəməsində keçirilməli olan məhkəmə prosesi avqustun 28-nə qədər təxirə salınıb. Bu barədə qərar cümə günü Nəsimi rayon məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Sabiq səhiyyə naziri ədliyyə naziri Məmmədovun və Penitensiar xidmətinin rəhbərinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi iddiası ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Hakim bildirib ki, İnsanovun idldiası üzrə mülki cavabdeh olan 1 saylı İstintaq Təcridxanasının rəis müavini və təcridxananın həkiminin prosesdə iştirak etmək üçün vəkalətnamələri olmadığına görə, proses təxirə salınır. Məhkəmə prosesinə hazırda 1 saylı İstintaq təcridxanasında saxlanılan sabiq səhiyyə naziri İnsanov gətirilməyib. İnsanovun vəkili Ağaveys Şahverdi bildirib ki, sabiq nazir məhkəmə prosesində iştirak etmək istəyir: "Növbəti prosesdə İnsanovun məhkəməyə gətirilməsi ilə bağlı vəsatət təqdim edəcəm".

Dövlət çevrilişinə cəhd, kütləvi iştişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda yırtıq olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti