...

Sabiq səhiyyə naziri: "Nazir işlədiyim 12 il müddətində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitdən bir manat belə mənimsəməmişəm"

Cəmiyyət Materials 4 Sentyabr 2007 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Nazir işlədiyim 12 il müddətində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitdən bir manat belə mənimsəməmişəm. Bu bəyanatla çərşənbə axşamı Bakı Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində sabiq səhiyyə naziri Əli İnsanov çıxış edib.

İnsanov nazir işlədiyi müddətdə ölkəyə gətirdiyi 30 milyon dollar məbləğində qrantdan da bir dollar belə mənimsəmədiyini, Azərbaycanda və ondan kənarda heç bir obyektinin, restoranının olmadığını, ixtira etdiyi "İnsanavin" dərmanından əldə etdiyi gəlirdən öz razılığı ilə 400 min dollardan artıq məbləğdə vergi ödədiyini diqqətə çatdırıb: "Təəssüflər olsun ki, 10 milyon dollardan artıq halal gəlirim olduğu halda, dövlət büdcəsindən və qrantlardan bir dollar belə xərcləmədiyim halda, korrupsiya cinayətlərində saxta ittihamlarla təqsirləndirilərək 11 il azadlıqdan məhrum edilmişəm". Həbsinin siyasi xarakter daşıdığını iddia edən sabiq nazir həbs olunduğu vaxtdan başlayaraq hüquqlarının pozulduğunu, bu pozuntuların indi də davam etdiyini bildirib.

Səhiyyə nazirliyinin obyektlərinin qanunsuz özəlləşdirilməsində ittiham olunan İnsanov bildirib ki, səhiyyədə islahatların aparılması məqsədilə yaradılan Dövlət Komissiyasının işçi qruplarının özəlləşdiriləcək 200-dək səhiyyə obyektinin siyahısını Nazirlər Kabinetinə təqdim edib. Həmin obyektlərin isə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlak Komitəsi tərəfindən özəlləşdirildiyini bildirib.

İnsanovun sözlərinə görə, məhkəmənin ədalətsiz hökmü ilə 30 il əvvəl aldığı bağ evi və şəxsi gəliri hesabına aldığı avtomobili qanunsuz müsadirə olunub.

Məhkəmə qətnamələrinin icra olunmaması ilə bağlı ittihama münasibət bildirən İnsanov deyib ki, Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə bir neçə xəstəxananın baş həkimi işdən azad olunb: "O vaxt difteriya geniş yayılmışdı. Bəzi rayon xəstəxanalarının baş həkimləri difteriyaya qarşı vaksinasiya aparmamış, vaksinləri məhv etmişdilər. Ona görə də işdən azad olunublar. Sonradan hansısa yollarla məhkəmələr onları işə bərpa edib. Həmin məhkəmə qətnamələrinin icra olunmamasına görə mənə ittiham elan olunb".

Çıxışının sonunda İnsanov məhkəmənin ədalətliliyinə, obyektivliyinə inanmadığını vurğulayıb: "İnanmasam da, ümidimi üzmürəm. Əgər özünüzdə güc tapa bilsəz ədalətli qərar çıxarın".

İnsanovun vəkili Ağaveyis Şahverdi çıxış edərək sabiq nazirə elan olunan ittihamların heç birinin sübut olunmadığını və ona bütün ittihmlar üzrə bəraət verilməsini xahiş edib.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti