Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova
Finlandiya üçün ilk böyük təcrübə
Finlandiya ilk dəfədir ki, 78 ölkədən 500 idmançını qəbul edir. London Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran güləş üzrə dünya çempionatının Finlandiya üçün ilk böyük yarış olduğunu desəm yanılmaram.
"Çox həyəcanlıyıq. Bu, bizim üçün ilk böyük təcrübədir. Bundan öncə də Avropa çempionatlarına ev sahibliyi etmişik. 20-30 ölkədən 200-dək idmançı qəbul etmişik. Amma 78 ölkənin 500 idmançısı üçün keçirilən bu yarış ilk təcrübəmizdir", - təşkilat komitəsinin üzvlərindən biri, mediaya bacardığı qədər yardım etməyə çalışan Mari Makinen deyib.
Mediaya olan münasibəti, ümumilikdə təşkilati məsələləri qənaətbəxş hesab etmək olar. Bir qədər narahatlıq yaradan məqam media otağının yarış meydanından kənar olması idi. Bu da media nümayəndələrinin yarışı birbaşa izləyərək, informasiya ötürmələrinə maneələr yaradırdı. Əslində, medianın bu yarışa diqqəti heç də böyük deyildi. Otaqda ümumilikdə 8 media nümayəndəsi var idi ki, onlardan da üçüncüsü mən, Böyük Britaniyadan olan Uilyam May və əslən türkiyəli olan Almaniya jurnalisti Kadır Çalışkan idi. Digər jurnalistlər isə Finlandiya KİV-i təmsil edirdi.
Finlandiyaya gəliş və ilk təəssuratlar
Mayın 2-də sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov, Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov, federasiyanın digər üzvləri və qələbəsinə böyük ümidlər bəslənilən, hətta Bolqarıstanda keçirilən lisenziya xarakterli yarışda qalib gələ bilməməsi ilə bir çoxlarını təəccübləndirən 2010-cu ilin Avropa çempionu, 55 kq çəki dərəcəsində lisenziya üçün mübarizə aparacaq Mahmud Maqomedovla Helsinkiyə gəldik. İdmançılar yarış öncəsi çəki atıb, bir qədər də həyəcanlı olduqları üçün əsəbi olurlar. Düzü, mən bu əsəbi Mahmudda hiss etmədim. Səfər boyu çox diqqətcil, mehriban və gülərüz idi.
Məşqçisi Firdovsi Umudovun Mahmuda münasibətini isə qeyd etməyə bilmərəm. Bunu məşqçinin idmançıya yox, daha çox atanın oğula münasibəti adlandırmaq olar.
Mərhələ-mərhələ
Mahmud Maqomedov ilk görüşdə sözün əsl mənasında ukraynalı rəqibi Hurskiy Vitalidən çox güclü idi. Məhz bunun nəticəsi olaraq, Mahmud ilk raundu 2:0, ikinci raundu isə 7:0 hesabı ilə tamamladı. İkinci görüşü Mahmud Maqomedov üçün heç də asan adlandırmaq olmazdı. Çünki rəqibi rumıniyalı Andrey Dukov ilə qüvvələri barəbar sayıla bilərdi. Buna baxmayaraq, Mahmud ilk raundda 3:0, ikinci raundda 5:0 hesabı ilə qələbə qazandı. Əfsuslar olsun ki, üçüncü görüş Azərbaycanın xeyrinə bitmədi. Maqomedovun bu görüşdə rəqibi monqolustanlı Narabatan Bayaraa idi. Namiq Abdullayevlə də görüşmüş bu idmançı həm təcrübəli, həm də Mahmud Maqomedovdan yaşda böyük idi. Amma bir neçə ay bundan öncə Mahmud turnirlərin birində Narabatana qalib gəlmişdi. Düzü, bu görüş hakimlərin əyani şəkildə Azərbaycana qarşı qərəzli münasibəti ilə yadda qaldı. Mahmud ilk raundu 1:0 hesabı ilə uddu. Növbəti raundlarda isə öncə 3 xalın Mahmuda verilməsi, daha sonra əsassız şəkildə geri alınması idmançının əhvalına əməlli-başlı təsir etdi. Böyük məşqçi Firdovsi Umudovun "Sən bu məqamlara fikir vermə. Yarış" deməsinə baxmayaraq, Mahmud əsəblərini cilovlaya bilmədi. Bununla da ½ final monqolustanlı idmançının qələbəsi ilə bitdi.