Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Salmanov/
Ukrayna Radası futbol üzrə Avropa Çempionatı-2012 matçlarının keçirildiyi dövrdə stadionlarda siqaret çəkməyi və tütün məmulatlarını reklam etməyi qadağan edib. Bu barədə Trend çərşənbə axşamı Rusiya KİV-ə istinadən məlumat verir.
Müvafiq qanunu 303 deputat dəstəkləyib, halbuki bunun üçün minimum 226 səs tələb olunurdu.
Qəbul edilən qanuna əsasən, Avro-2012 tədbirlərinin keçiriləcəyi bütün idman qurğularında siqaret çəkməyin və onun reklamının qadağan edilməsi planlaşdırılır.
Həmçinin, tütün məmulatlarının satışı və ondan istifadə ilə bağlı əşyaların satışı da qadağan edilib. Bahalı mal və ya xidmətin satın alınmasına görə bonus şəklində siqaret vermək də qadağan edilir.