...

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasiminin proqramı açıqlanıb

İdman Materials 18 İyun 2012 15:57 (UTC +04:00)
İyulun 6-da, saat 19:00-da Bakıda yerləşən Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi təşkil olunacaq.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasiminin proqramı açıqlanıb

Azərbaycan, Bakı, 18 iyun /Trend/

İyulun 6-da, saat 19:00-da Bakıda yerləşən Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi təşkil olunacaq.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, püşkatma mərasimində Asiyadan Çin, Şimali Koreya və Yaponiya, Okeaniyadan Yeni Zelandiya, Afrikadan Nigeriya, Qana və Qambiya, Şimali Amerikadan Amerika Birləşmiş Ştatları, Kanada və Meksika, Cənubi Amerikadan Braziliya, Kolumbiya və Uruqvay komandaları iştirak edəcək. Azərbaycan yığması dünya çempionatına ev sahibi statusu ilə birbaşa vəsiqə qazanıb. Avropada digər iki vəsiqənin sahibi 26-29 iyun tarixlərində keçiriləcək oyunların nəticələri əsasında müəyyənləşəcək.

Tədbirə Azərbaycanın tanınmış futbol veteranları ilə yanaşı, aşağıdakı xarici qonaqların da gəlişi təsdiqlənib:

- FIFA U-17 qadınlararası dünya çempionatının Təşkilat Komitəsinin sədri Hany Abo Rida;
- UEFA İcraiyyə Komitəsinin üzvü Karen Espelund;
- Gürcüstan Futbol Federasiyasının prezidenti Domenti Siçiniva;
- Gürcüstan Futbol Federasiyasının baş katibi Revaz Arveladze;
- Tanınmış futbol veteranları Vagiz Xidyatullin, İqor Kolıvanov, Viktor Losev;
- Almaniya milli komandasının sabiq üzvü Ditmar Hamann;
- Niderland milli komandasının sabiq üzvü Ronald de Bur;
- "Kayserispor" futbol klubunun baş məşqçisi Şota Arveladze;
- İştirakçı ölkələrin yığma komandalarının nümayəndələri.

Tədbirin bədii hissəsində əməkdar artist Sevda Ələkbərzadə və dünya şöhrətli alman müğənni Oceana çıxış edəcək.

Püşkatma nəticəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də iştirak edəcək komandaların qruplar üzrə bölgüsü müəyyənləşəcək.

Püşkatma mərasimindən sonra 21:00-da Milli Parkda təşkil olunacaq konsert proqramında Oceana ilə yanaşı, Azərbaycan musiqisinin məşhur simaları olan Röya, Tünzalə Ağayeva, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev və 2011-ci ilin "freestyle" futbol üzrə dünya çempionu Kitti Szacs daxil olmaqla futbol akrobatları da çıxış edəcəklər.

Qeyd edək ki, iyunun 16-dan etibarən isə artıq aşağıda göstərilmiş satış nöqtələrinə yaxınlaşıb kağız bilet əldə etmək, həmçinin onlayn əldə olunan bilerləri dəyişdirmək olar.

Satış nöqtələrinin ünvanları:

1. Bakcell müştəri xidmətləri - Nizami 83 filialı
2. Xalq Bank - Neftçilər filialı
3. Park Bulvar Alış Veriş Mərkəzi - 1-ci mərtəbə
4. Metro Park Ticarət Mərkəzi - 1-ci mərtəbə

Çempionatın bilet satışı ilə əlaqədar hər hansı bir məlumata ehtiyac olarsa, aşağıdakı nömrələrə zəng etmək mümkündür: Tel: +994 12 4803691 (Beynəlxalq zənglər), +994 12 4803690 (Lokal zənglər); Mob: +994 55 5252012 (Beynəlxalq zənglər), +994 55 5152012 (Lokal zənglər); E-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti